Şuşa Azərbaycanın döyünən ürəyidir

ADPU-nun Cəlilabad filialında 2022-ci ilin Şuşa ili qeyd olunması ilə əlaqədar “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib. Tədbirdə Filialın Tərbiyə işləri üzrə təşkilatçısı Aydın İbişov, Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, Keyfiyyətin təminatı şöbəsinin müdiri Dürdanə Əliyeva, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.  

     Dövlət Himnimizin səsləndirilməsilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələri anılıb.

     Sonra söz ADPU-nun Cəlilabad filialının tərbiyə işləri üzrə təşkilatçısı, “Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Aydın İbişova verilib. O, çıxışında Şuşa şəhərinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq, mədəniyyət paytaxtımız olan bu füsunkar təbiətə malik yurdumuzda artıq “Xarıbülbül” festivalının keçirilməsindən, unudulmaz şairimiz Molla Pənah Vaqifin poeziya günlərinin qeyd edilməsindən, Dünya Azərbaycanlılarının Qurultayı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsindən sevinc dolu cümlələrlə danışıb.

     Bildirilib ki, Azərbaycanın qədim şəhəri olan Şuşa 28 illik erməni əsarətindən 44 gün davam edən şanlı Vətən müharibəsi nəticəsində azad edilib. Qədim diyarımız Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu Ümummilli Liderimiz Heydər Əliyev belə ifadə etmişdir: ”Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Şuşa təkcə şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

     Daha sonra söz “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadəyə verilib. Natiq öz növbəsində tarixi çox-çox keçmişlərə dayanan Şuşa şəhərinin Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu tədbir iştirakçılarına xatırladıb. O, qeyd edib ki, sevindirici haldır ki, biz artıq şərəf və iftixar dolu günlərimizi Şuşamızla birgə yaşayırıq. Bu qədim yurdumuza işğaldan azad olunduqdan sonra baş çəkən Ə.Mirzəzadə ümumilikdə Qarabağımızda aparılan böyük quruculuq işlərindən danışaraq Respublikamızın Prezidenti, Cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

     Tədbirin sonunda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Rəhman Feyziyev və məzun Asif Əsədovun ifalarında “Şuşanın dağları” və digər musiqi parçaları ifa olunub.

      Filialın “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili üzrə tələbəsi Ülviyyə Xankişiyevanın yüksək bacarıqla ifa etdiyi və tədbirin ruhuna uyğun musiqilər diqqəti cəlb edib. Onun “Çırpınırdı Qara dəniz” musiqi ifası isə xüsusi alqışlarla qarşılanıb.

Proteks Bilişim Teknolojileri