
22 oktyabr “Beynəlxalq Kitabxana Günü” münasibətilə ADPU-nun Cəlilabad filialında təşkil olunan tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova, dekanlığın əməkdaşı Elnarə İsmayılova, professor-müəllim heyəti, “Kitabxana və elektron resurslar” şöbəsinin müdiri Şahin Cəbrayılov, əməkdaşlardan Jalə Babayeva, Aygün Bağırova, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi Nadir Babayev, “Fidan körpələr evi”nin əməkdaşları və Filialın müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
İlk olaraq Dövlət Himnimizin oxunması ilə başlanan tədbirdə vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Filialın direktoru, dosent X. Sultanlı açıb. O, çıxışında Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə həyatımızın müxtəlif sahələrinə olduğu kimi mədəni-mənəvi sərvətimiz olan və Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən kitabxanaların inkişafında da çox böyük xidmətinin olduğunu qeyd edib. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, Respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.
Direktor X.Sultanlı həmçinin, bildirmişdir ki, bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təşkilində mühüm rol oynayan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri hələ ötən əsrin 70-ci illərində təşkil olunmuşdur. 1974-cü ildə Ulu Öndərin imzaladığı “Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında”kı qərəra əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri həmin dövr üçün çox əhəmiyyətli olmuş və bu gün də əhalinin maariflənməsində əhəmiyyətli rol oynamaqdadır.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin ölkəmizdə fəaliyyətdə olan kitabxanaların işinə göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu bildirib. Natiq onu da vurğulayıb ki, möhtərəm Prezidentimiz bu spesifik sahəyə böyük önəm verir və onun kitabxana sahəsinə bu qədər əhəmiyyət verməsi hər bir kitabxanaçıda böyük qürur hissi oyadır, onu daha həvəslə, məsuliyyətlə işləməyə sövq edir. Odur ki, Dövlətimizin dəstəyi ilə kitabxana işi sahəsi üçün yeni fəaliyyət proqramları qəbul edilmiş, bu tapşırıq və tövsiyələrə uyğun olaraq dövlətin mədəniyyət və informasiya siyasətinin çox vacib sahəsi olan kitabxanalarda artıq köklü dəyişikliklər edilməkdədir.
Məlum olduğu kimi, informasiya cəmiyyətinin inkişafında, savadlı şəxsiyyətlərin formalaşmasında müasir kitabxanaların rolu əvəzsizdir. Vətəndaşlarımızın istənilən vaxt, istədiyi informasiyanı almaq imkanının olması informasiya cəmiyyətinin vacib şərtidir. Bu şərtə müasir informasiya texnologiyaları ilə təmin edilmiş modern kitabxanalar şəbəkəsi yaratmaqla daha yüksək peşəkarlıqla əməl etmək mümkündür. Biz inanırıq ki, bu gün ölkəmizdə sosial-iqtisadi sahədə islahatların uğurla həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində görülən mühüm işlər, mədəniyyət ocaqlarına dövlət qayğısının gündən-günə artması yaxın gələcəkdə kitabxanalarımızın böyük əksəriyyətinin ən yüksək standartlar səviyyəsinə qalxmasında önəmli rol oynayacaqdır.
Bu bayram münasibətilə fəal oxucu kontingentini hədiyyələrlə təbrik edən direktor, kitabxana xidməti əməkdaşlarına da gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onları “Peşə bayramları” münasibətilə “Fəxri fərman”la təltif edib.
Tədbirdə Pedaqoji fakültənin dekanı M.Rəhimova, “Kitabxana və elektron resurslar” şöbəsinin müdiri Ş.Cəbrayılov, tələbələrimizdən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin bacısı Ayna Fərəcova, Aysun Məmmədli, Sevgi Nəsirova, Şəfa Əsgərova, Rəvanə Rəhimova, Ruqayyə Eminova, Nərmin İsmayılova məzmunlu çıxışları ilə yadda qalıblar.
Cəlilabad şəhəri, “Fidan körpələr evi”ndən gələn kiçik qonaqlarımız isə tədbirin gedişinə xüsusi rəng qatıblar.
Tədbirin sonunda dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən böyük kitabxanalar barəsində video-çarx nümayiş etdirilib, tələbəmiz Ayna Fərəcovanın Filalın kitabxanasına bağışladığı qardaşı, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin portreti üçün xüsusi guşənin yaradılması qərara alınmışdır.