
26 Fevral-“Xocalı Soyqırımı”
25 fevral 2021-ci ildə ADPU Cəlilabad filialında “Xocalı Soyqırımı”nın 29-cu anım gününə həsr olunmuş anım tədbiri (onlayn) keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələr iştirak edib. İlk öncə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan filialın direktor müavini Eyvaz Məmmədov öz çıxışında bildirib ki, xalqımızın digər faciələri kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Sonra filialımızın müəllimləri Şöhrət Namazova və Tofiq İsgəndərov çıxış edərək tədbir iştirakçılarına “Xocalı Soyqırım”ı haqqında ətraflı məlumat veriblər. “Xocalı Soyqırımı”nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Azər Xəlilov, filialımızın I kurs tələbələri Əliəkbər Nəsirli, Aytən İsmayılzadə və Sevinc Mahmudova “Xocalı soyqırımı” barədə məlumat verib, filialımızın tələbələri Samirə Tağıyeva, Bəsti Rəhimova bu dəhşətli faciəyə aid şeir səsləndiriblər.