
“Zərərli vərdişlərə yox deyirik” maarifləndirici məlumat
İnsan əsas davranış vərdişlərini uşaqlıqda, hətta kiçik uşaq yaşından mənimsəyir. Ailədə papiros çəkir və spirtli içkilər işlədirlərsə, o, “böyük olub”, onun da qabagına qədəh qoyulacagı günü səbirsizliklə gözləyəcək və ya gözləməyə səbri çatmazsa, icazəsiz spirtli içkini dadmağa, yaxud siqaret çəkməyə imkan axtaracaqdır.
Dünya təcrübəsi öyrədir ki, normal insana çox şey öyrətmək olar, amma onu yenidən öyrətmək, yəni bəzi hərəkətləri yerinə yetirməyə meylliliyi onun başından çıxarıb, digər hərəkətləri yerinə yetirməyə öyrətmək, başqa sözlə, illərlə formalaşmış bir həyat tərzi ilə əlaqədar, vərdişləri yox edib digər həyat tərzinə müvafiq vərdişlər yaratmaq olduqca çətindir.
Odur ki, saglam həyat tərzinin yayılması sahəsində ilk və əsas vəzifə uşaqları, gəncləri saglam həyat tərzinə öyrətməkdir.
Sağlamlığın səviyyəsi - insanın sağlamlığının "miqdar" göstəricisidir. Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik istifadə etməyən adamla, əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 saat yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir. Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. "Zərərli" ona görə ki, bu maddələrin asılılığı həm fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vurur. "Vərdiş" ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin, xilas olmaq çətin olsa da , onların istifadəsindən çəkinmək şəxsin iradəsinə bağlıdır. Həyat tərzi-insanın şəxsi təcrübəsi, adət-ənənələrinə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir.
Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır.
Qlobal və lokal ekoloji problemlərin səhralaşma və torpaqların deqradasiyası, biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmamazlığı sindromu), hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək damar və xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir mədəni insanın başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin, tələbələrin şəxsi seçim yolu və fərdi davranış sistemidir.
Hər bir məktəblidə, yeniyetmədə,gənclərdə, o cümlədən tələbələrdə aşağıda qeyd olunan bir sıra cəhətlərin formalaşdırılması özünün sağlam həyat tərzini təmin etməsində böyük əhəmiyyətə malikdir.
- insan öz həyatının sahibi olaraq müsbət nəticələrə nail olacağına inanmalı;
– zərərli vərdişlərdən uzaq olmalı, həyata qarşı özündə müsbət münasibət yaratmalı və hər gün yaşadığına görə sevinc duymalı;
– özünə hörmət hissini inkişaf etdirməli, hədər yerə yaşamadığını və qarşıda duran problemləri həll etməyə qadir olduğunu dərk etməli;
– qidalanma rejiminə və sanitariya qaydalarına riayət etməli;
– əmək və istirahət rejiminə riayət etməli;
– həyatda rastlaşdığın uğursuzluqlara nikbinliklə yanaşmalı;
– nailiyyətlərə sevinməlidir, çünki hər bir nailiyyətin sevinci daha böyük nailiyyətlərə təkan verir.
Müasir cəmiyyətdə gənc nəslin sağlam yetisməsinə mane olan ən kəskin problemlər sırasında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılmışdır. Bu fəlakətli meyllər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir. Hal-hazırda bəşəriyyəti narahat edən problemlərdən biri narkomaniyadır. Yer kürəsində elə bir ölkə yoxdur ki, orada insanlar narkotik maddələrdən istifadə etməsinlər. Bu bəla Respublikamızda da tuğyan edir. Narkotik maddə istifadə edənlərin 70 faizi gənclərdir.
26 iyun Dünya Narkotiklər əleyhinə mübarizə günü 1987-ci ildə BMT-nin baş Assambleyası tərəfindən təsdiq olunmuş, bununla əlaqədar 1996-cı ildə ölkəmizdə dövlət komissiyası yaradılmış, bu sahədə 3 dövlət proqramı həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.
Yeni Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən ibarətdir. Antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Narkomaniya təkcə bir şəxsin faciəsi deyil, bütün cəmiyyətə aid olan əxlaqi, sosial, hüquqi, tibbi-psixoloji problemdir. Narkotik maddə qəbul edən şəxs ailəsinin, uşaqlarının sağlamlığına maddi və mənəvi ziyan vurur. Bəzən narkomaniya ailənin dağılmasına səbəb olur.
Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizəyə pedaqoji kollektivlər, valideynlər, ictimaiyyətin nümayəndələri də cəlb edilir. Şübhəsiz ki, bu yönümdə görülən işləri fəallaşdırmaq, narkomanlığın, QİÇS-in yayılmasına, bu bəlalarla bağlı cinayətkarlığın genişlənməsinə qarşı aparılan əməli tədbirləri daha da gücləndirmək, belə halların hər birinə qarşı daha məqsədyönlü və prinsipal mübarizə aparmaq lazımdır.
Narkomaniyaya, alkoqolizmə və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq çətin və eyni zamanda vacibdir. Bunun üçün bu pis vərdişlərin nöqsan və yanlış cəhətlərini öyrənmək və öyrətmək mühüm işdir. Çox təəssüf ki gənclər arasında narkomaniya geniş yayılmışdır. Narkomanlar arasında ölüm faizi çox yüksəkdir. Yoluxucu xəstəliklərin inkişaf etməsi onların ölümünə səbəb olur. Bu xəstəliyi törədən viruslardır. Bu virusa yoluxma QİÇS əmələ gəlməsinə səbəb olur. QİÇS-in tam müalicəsi yoxdur. Aparılan müalicə həmin şəxsi yaşatmaq üçündür. Bu virus cinsi əlaqə, iynə vurma, qanla yayılmış olur. O həmçinin qeyd etdi ki, alkoqolizm yüngül narkomaniyadır. Alkoqol qəbuluna qarşı yaranmış vərdiş insan psixi sferasında dərin dəyişikliklər yaradır, psixi pozğunluqlar əmələ gətirir.
Ölkənin təhsil sistemində narkomaniyanın profilaktikası və qarşısının alınmasına yönəlmiş xüsusi proqramlar mövcud deyil. Təhsil şöbələri, eləcə də məktəblər digər orqanlarla yanaşı tədbirlər planını tərtib edərək bu sahədə maarifləndirmə işlərini gücləndirməlidirlər.
Narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərin qarşısını almaq üçün maarifləndirməyə geniş yer verilməlidir. Bu sahədə təbliğat aparmaq üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim təhsillə bərabər tərbiyəyə də fikir verməlidir. Bununla yanaşı, bu işə valideynlər, ictimaiyyətin nümayəndələri də cəlb edilməlidir.
Yeniyetmə və gənclərin, o cümlədən ali məktəb tələbələrinin zərərli vərdişlərdən yayınmaları üçün yaşayış məntəqələrində,ali məktəblərdə maarifləndirmə seminarları mütəmadi olaraq keçirilməli və stadionlar, yardımçı idman qurğuları və sadə idman meydançaları inşa olunmalıdır.
Gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına, ətrafında insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlığının zərbə altında qalmasına səbəb olur. Aparılan araşdırmalar zamanı məlum olub ki, gənclərin narkomaniyaya qurşanmasına bir çox hallarda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər səbəb olur. Belə ki, həmin şəxslər hədə-qorxu gəlməklə və müxtəlif şirnikləşdirici vədlər verməklə gənclərin narkotik və psixotrop maddələrdən istifadə etməsinə nail olur və bununla da həmin gəncin həyatını zəhərləmiş olurlar. Gənclərin narkomaniyaya qurşanmasına digər bir səbəb isə onların narkotik vasitələrə əyləncə vasitəsi kimi baxmasıdır. Narkotikdən cəmi bir dəfə istifadə etmək narkomaniyaya yol açmaq deməkdir.
Narkotik vasitələrin istifadəsi ilə əlaqədar maarifləndirmə işinin aparılmasına baxmayaraq bu sahədə çatışmazlıqlar mövcuddur. Belə ki, narkiotik vasitələr və perkursorlar barədə geniş təbliğat işinin aparılmasının vaxtı çoxdan çatıb. Təbliğatın kütləvi aksiyalarla aparılması, orta və ali təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, kütləvi informasiya vasitələrində geniş informasiyaların verilməsi, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi narkomaniyaya qurşanmış şəxslərin adlarının geniş ictimaiyyətə açıqlanması, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən internet saytlarından yaradılması, bütün saytlarda bu barədə məlumatların kütləvi şəkildə antinarkotik proqramlarına qoşulmaq narkomaniya ilə bağlı müsbət yönümdə müəyyən dəyişiklik narkomaniyaya qarşı mübarizənin səmərəsini artırmaq üçün dövlət, qeyri hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin birgə fəaliyyət göstərməsi zəruridir.
Universitetdə oxuyan tələbələr, müxtəlif səbəblərdən qaynaqlanan stress yaradan həyat hadisələri ilə qarşılaşırlar. Burada xüsusilə təhsildən qaynaqlanan problemlərin əhəmiyyətli rolu vardır. Asılılıq baxımından ən əhəmiyyətli risk dövrləri uşaqlıqdan yeniyetməliyə, gənclikdən yetkinliyə keçid dövrüdür. Tələbələrin stresslə qarşılaşan vaxtlarda siqaretə yönəlmələri müşahidə olunan davranışdır. Bu gün siqaret, alkoqollu içkilər və digər zərərli vərdişlər dünyada qlobal problemə çevrilmiş, hətta infeksion xəstəlik kimi geniş yayılmışdır. Ən acınacaqlısı isə odur ki, günün aktual məsələsi olan siqaret artıq qadınlar, yeniyetmələr, gənclər və ali məktəb tələbələri tərəfindən də mənimsənən pis vərdiş halına gəlmişdir. Bu zərərli vərdiş gündən-günə artaraq bütün cəmiyyəti öz təsirinə məruz qoyur.
Tələbələrimizin zərərli vərdişlərdən qorunmasında siqaret ilə mübarizə ən əhəmiyyətli addım təşkil edir. Tələbələrin çoxu erkən yaşlarda siqaret çəkməyi sınamışlar və erkən yaşlarda siqaretə başlamışlar. Bu səbəblə siqaret sınaqlarının qarşısı alınacaq tədbirlərin həyata keçirilməsi mühüm addımlardan biridir. Bu işdə valideynlərin rolu əvəzsizdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, siqaret çəkən valideynləri olanların siqaret çəkmə faizi daha çoxdur. Bu səbəblə gələcəkdə valdeyin olacaq bu tələbələr üçün siqareti tərgitmələrini təmin edəcək tədbirlərin həyata keçirilməsinin nə qədər əhəmiyyətli olduğu görünə bilər.
Qeyd etdiklərimizdən aydın olur ki tərkibi bu qədər təhlükəli olan bir maddə insanın sağlamlığına nə kimi mənfi təsir edir? Bəs görəsən onun insan psixologiyasına və sosial həyat tərzinə də təsiri varmı?
İstər tütün, istər alkoqol olsun bütün bunlar bir sıra nəfəs yolları, ağciyər və s. xəstəliklər törətməklə yanaşı, insan psixologiyasına da çox mənfi təsir göstərir. Qəbul olunan bu maddə insan sağlamlığına çox ciddi təsir edir. Onun fəsadları əqli pozğunluqlara da yol açır. İlk olaraq qəbul edildikdən sonrakı təsiri yüngül və ya ağır zəhərlənmə hesab olunur.
Qeyd etməliyik ki, siqaret çəkmək bəzən narkotik maddəni qəbul etmənin ilkin pilləsi olur. Bu zərərli vərdişə mübtəla olan insan çox asanlıqla narkotik maddələri də qəbul edir.
Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 adam (nəfəri) narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındaki yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.
Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Belə problemli gənclərə yardım etməyə hazır olan onlarla təşkilat və mütəxəssislər vardır.
ADPU Cəlilabad filialı, baş müəllim İsmayilova Elnarə