Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Gənclər Təşkilatı "Təcrübə səfəri" adlı layihəyə start verib
31.10.2022

"Hədəf 10%" proqramı çərçivəsində həyata keçirilən layihədə ilk olaraq Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbin Peşə təmayüllü siniflərinə baş çəkilib. Tələbə Gənclər Təşkilatının idarə heyyəti peşə sinifləri, şagirləri və onların fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, Peşə Təmayüllü Siniflərin qrup rəhbəri Əhməd Əhmədzadə Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının məzunudur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Təhsil Tələbə Krediti Fondunun əməkdaşları ilə görüş keçirilib
28.10.2022

Bu gün Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov, Fondun baş mühasibi Orxan Abbasov, Fond sədrinin köməkçisi Ağca Məmmədova ADPU-nun Cəlilabad filialında ödənişli əsaslarla təhsil alan tələbələrlə görüş keçirmişlər.
Görüş Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin anılması ilə başlayıb.
İlk olaraq ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Respublika Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatların məntiqi yekunu olaraq, çoxsaylı sosial yönümlü layihələr haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, vətəndaşlarımızın sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş bu humanist addımlar ziyalı cəmiyyətimiz, parlaq gələcəyimiz üçün misilsiz xidmətlərdir.
Sonra Fondun sədr müavini Tahir Xələfov tələbələrə təhsil istiqamətində bütün maddi çətinlikləri aradan qaldıracaq bu sosial layihə haqqında məlumat verərək, onlara yaradılmış bu imkanlardan yararlanmağa səsləyib. Tələbə kreditinin maliyyə hesablamaları ilə fərqli üstünlüklərini nəzərə çatdırıb.
Daha sonra sədr köməkçisi Ağca Məmmədova tələbələrin ünvanladığı çoxsaylı sualları cavablandıraraq illik hesablamalara aydınlıq gətirib. Təhsil kreditinin əldə olunması üçün zəruri məlumatları tələbələrlə paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 2021-ci il 17 iyun tarixli 1367 nömrəli fərmanı ilə Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fondun öz vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələləri tənzimləyən normativ sənədlər hazırlanıb.
Həmçinin, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna biləcəyi vurğulanıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının bir qrup tələbəsi Cəlilabad şəhər Mərkəzi stadionunda keçirilən idman yarışlarına qatılmışlar
28.10.2022

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti Gənclər və İdman Nazirliyi ilə birlikdə “Sağlam bədəndə sağlam ruh” devizi altında kross qaçış və gimnastika üzrə ölkə yarışlarının keçirilməsini nəzərdə tutmuşlar. Bu çərçivədə Cəlilabad rayon Polis şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 oktyabr 2022-ci il tarixində Cəlilabad şəhər Mərkəzi stadionunda keçirilən yarışa ADPU-nun Cəlilabad filialından bir qrup tələbə qatılmışdır.
Qeyd edək ki, mötəbər turnirdə Filialımızın “Tarix və coğrafiya” ixtisasının IV tədris ili tələbəsi Mirizadə Rəsul Rafiq oğlu kross qaçış üzrə III yerə layiq görülmüşdür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında IV tədris ilinin tələbələrinə karyera planlaşdırılması ilə bağlı seminar keçirilmişdir
27.10.2022

26 oktyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV tədris ilinin tələbələrinə karyera planlaşdırılması ilə bağlı seminar keçirilmişdir. Cəlilabad şəhər, Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, təcrübəli metodist, aktivliyi və işgüzarlığı ilə seçilən Gülər Bayramovanın təqdimatı ilə keçirilən seminarda ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova, “Keyfiyyətin təminatı” şöbəsinin müdiri Dürdanə Əliyeva, "Tələbə və tədrisin idarə olunması" şöbəsinin əməkdaşı Rüfət Sabirli, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi Dəyanət Əskərov və “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ilinin tələbələri iştirak etmişlər.
Müasir tədrisin tələbləri diqqətə alınmaqla keçirilən və son dərəcə maraqla izlənilən seminarda tələbələrə gələcək pedaqoji fəaliyyətləri üçün çox dəyərli olacaq yeni biliklər verilib, əyani olaraq əşyavi nümunələrlə kiçik övladlarımıza dərsi sevdirmə bacarıqları onlara nümayiş etdirilib.
Dekan, baş müəllim Mənzilə Rəhimova Respublikamızda təhsilin inkişafına Dövlət qayğısından söz açaraq Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirib. Müstəqil ölkəmizin gələcəyi olan kiçik yaşlı şagirdlərimizə onların yaş psixologiyaları nəzərə alınaraq elmi, həyati biliklərin öyrədilməsinin uğurla həyata keçirildiyini qeyd edən natiq tələbələrimizi yeni məlumatlarla təmin etdiyi üçün müəllim Gülər Bayramovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, seminar “Keyfiyyətin təminatı” şöbəsinin "Tələbə və tədrisin idarə olunması" şöbəsilə əməkdaşlıq çərçivəsində baş tutmuşdur.
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
26.10.2022

25.10.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, filialın professor-müəllim heyəti, bəzi struktur bölmələrinin əməkdaşları və bir qrup tələbənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş Rayon Tədbirində iştirak edilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” parlaq ifadəsi ətrafında Millət vəkilləri, Rayon İcra Hakimiyyətinin Rəhbərliyi və müxtəlif İdarə və Təşkilat nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dahi şəxsiyyət Heydər Əliyevin elmi-ideoloji mühitlə bağlı gördüyü işlərdən danışan natiqlər azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz onun adıyla bağlı olduğunu qeyd ediblər, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasında onun əvəzsiz xidmətlərini vurğulayıblar.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunmuş, xalqımızın unudulmaz övladı Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bu müddət ərzində şərəfli yol keçdiyi və beləcə ümumxalq partiyasına çevrildiyini diqqətlərə çatdırılmışdır. Partiyanın Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, məhz, Ümummilli Liderimizin parlaq ideyaları, uzaqgörən siyasəti əsasında xalqımız və dövlətimiz hal-hazırda özünün qüdrətli dövrünü yaşamaqdadır.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında qeyd edib ki, Respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnib, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə nüfuzlu, qüdrətli dövlətə çevrilib.
Tədbirdə YAP-nın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov çıxış edərək bildirib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün Cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı, inamlı siyasi istinad yeridir.
Milli Məclisin deputatı Əli Hüseynli çıxışında Heydər Əliyev ideyalarının böyük zəfərlərə yol açdığını söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazandığını, möhtəşəm Qələbəyə imza atmaqla tarix yazdığını vurğulayıb.
Milli Məclisin deputatı Malik Həsənov Yeni Azərbaycan Partiyasının qələbələr partiyasi olduğunu söyləyib. O, bildirib ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Qələbə bu Partiyanın ən böyük məramını gerçəkləşdirmiş, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində tarixi uğurlara imza atıb.
YAP Cəlilabad rayon təşkilatının fəalları Rəxşəndə Qasımova, Yeganə Rzayeva və Vətən müharibəsi iştirakçısı Aqil Nəzərov çıxışlarında bildiriblər ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün inkişaf strategiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin uğurlu siyasətində öz bəhrələrini verməkdədir.
Sonra Partiyanın və Rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif olunub.
Onu da qeyd edək ki, tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Sevindirici haldır ki, bu Cənubi Qafqazın ən böyük siyasi partiyasının sıralarına tələbə kontingentimizdən yeni üzvlər də qəbul edilmişdir.
Vətənimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş layihə çərçivəsində Şəhid ailələri ilə görüşülüb
25.10.2022

ADPU-nun Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının sədri Sevda Şahmarova, həmçinin Təşkilatın bir qrup tələbəsi tərəfindən Cəlilabad rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə; Vətənimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş layihə çərçivəsində Şəhid ailələri ilə görüşülmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarımızın məzarları ziyarət olunmuşdur. Ziyarət əsnasında Vətən Müharibəsi Qəhrəmanı Şəhid Rəşad Abdullayevin, Şəhid Tofiq Əmirlinin, Şəhid Ümid Qasımzadənin ailə üzvlərilə birgə qəhrəman övladlarımızın əziz xatirələri anılmış, onlarla birlik və bərabərlik nümayiş etdirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının kollektivi Şəhid Qənbərli Rəşad Əlizamin oğlunun ailəsilə görüşmüşlər
25.10.2022

24.10.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova, professor-müəllim heyəti, bəzi struktur bölmələrinin əməkdaşları və bir qrup tələbənin iştirakı ilə vətənin igid oğlu, Şəhid Qənbərli Rəşad Əlizamin oğlunun ailəsinə baş çəkilib.
Filialın kollektivi tərəfindən erməni təxribatının qarşısını alaraq düşmənə layiqli cavab verən və bu uğurda sinəsini sipər edən xalqımızın cəsur övladının xatirəsi anılıb, ailə üzvlərinə səbr dilənərək onların kədərləri paylaşılıb. Birlik və bərabərlik nümayiş olunaraq Rəşad kimi xalqın qeyrət rəmzi olan oğulların əziz xatirələrinin hər zaman qəlbimizdə yaşayacağı səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında daha bir tədbir keçirilib
21.10.2022

22 oktyabr “Beynəlxalq Kitabxana Günü” münasibətilə ADPU-nun Cəlilabad filialında təşkil olunan tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova, dekanlığın əməkdaşı Elnarə İsmayılova, professor-müəllim heyəti, “Kitabxana və elektron resurslar” şöbəsinin müdiri Şahin Cəbrayılov, əməkdaşlardan Jalə Babayeva, Aygün Bağırova, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi Nadir Babayev, “Fidan körpələr evi”nin əməkdaşları və Filialın müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
İlk olaraq Dövlət Himnimizin oxunması ilə başlanan tədbirdə vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Filialın direktoru, dosent X. Sultanlı açıb. O, çıxışında Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə həyatımızın müxtəlif sahələrinə olduğu kimi mədəni-mənəvi sərvətimiz olan və Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən kitabxanaların inkişafında da çox böyük xidmətinin olduğunu qeyd edib. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, Respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.
Direktor X.Sultanlı həmçinin, bildirmişdir ki, bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təşkilində mühüm rol oynayan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri hələ ötən əsrin 70-ci illərində təşkil olunmuşdur. 1974-cü ildə Ulu Öndərin imzaladığı “Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında”kı qərəra əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri həmin dövr üçün çox əhəmiyyətli olmuş və bu gün də əhalinin maariflənməsində əhəmiyyətli rol oynamaqdadır.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin ölkəmizdə fəaliyyətdə olan kitabxanaların işinə göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu bildirib. Natiq onu da vurğulayıb ki, möhtərəm Prezidentimiz bu spesifik sahəyə böyük önəm verir və onun kitabxana sahəsinə bu qədər əhəmiyyət verməsi hər bir kitabxanaçıda böyük qürur hissi oyadır, onu daha həvəslə, məsuliyyətlə işləməyə sövq edir. Odur ki, Dövlətimizin dəstəyi ilə kitabxana işi sahəsi üçün yeni fəaliyyət proqramları qəbul edilmiş, bu tapşırıq və tövsiyələrə uyğun olaraq dövlətin mədəniyyət və informasiya siyasətinin çox vacib sahəsi olan kitabxanalarda artıq köklü dəyişikliklər edilməkdədir.
Məlum olduğu kimi, informasiya cəmiyyətinin inkişafında, savadlı şəxsiyyətlərin formalaşmasında müasir kitabxanaların rolu əvəzsizdir. Vətəndaşlarımızın istənilən vaxt, istədiyi informasiyanı almaq imkanının olması informasiya cəmiyyətinin vacib şərtidir. Bu şərtə müasir informasiya texnologiyaları ilə təmin edilmiş modern kitabxanalar şəbəkəsi yaratmaqla daha yüksək peşəkarlıqla əməl etmək mümkündür. Biz inanırıq ki, bu gün ölkəmizdə sosial-iqtisadi sahədə islahatların uğurla həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində görülən mühüm işlər, mədəniyyət ocaqlarına dövlət qayğısının gündən-günə artması yaxın gələcəkdə kitabxanalarımızın böyük əksəriyyətinin ən yüksək standartlar səviyyəsinə qalxmasında önəmli rol oynayacaqdır.
Bu bayram münasibətilə fəal oxucu kontingentini hədiyyələrlə təbrik edən direktor, kitabxana xidməti əməkdaşlarına da gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onları “Peşə bayramları” münasibətilə “Fəxri fərman”la təltif edib.
Tədbirdə Pedaqoji fakültənin dekanı M.Rəhimova, “Kitabxana və elektron resurslar” şöbəsinin müdiri Ş.Cəbrayılov, tələbələrimizdən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin bacısı Ayna Fərəcova, Aysun Məmmədli, Sevgi Nəsirova, Şəfa Əsgərova, Rəvanə Rəhimova, Ruqayyə Eminova, Nərmin İsmayılova məzmunlu çıxışları ilə yadda qalıblar.
Cəlilabad şəhəri, “Fidan körpələr evi”ndən gələn kiçik qonaqlarımız isə tədbirin gedişinə xüsusi rəng qatıblar.
Tədbirin sonunda dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən böyük kitabxanalar barəsində video-çarx nümayiş etdirilib, tələbəmiz Ayna Fərəcovanın Filalın kitabxanasına bağışladığı qardaşı, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin portreti üçün xüsusi guşənin yaradılması qərara alınmışdır.
“Gender-əsaslı bərabər hüquqlar üzrə maarifləndərmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində tələbələrimiz üçün seminar keçirilib
20.10.2022

20.10.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Din və Qadın Hüquqları” İctimai Birliyinin təşəbbüsü ilə “Gender-əsaslı bərabər hüquqlar üzrə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində tələbələr üçün seminar keçirilmişdir. Seminarda “Din və Qadın Hüquqları” İctimai Birliyinin sədri Tünzalə Qardaşova, Layihə eksperti Afiq Məlikov, ADPU-nun Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, “Kitabxana və elektron resurslar” şöbəsinin müdiri Şahin Cəbrayılov, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi Dəyanət Əskərov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Layihə eksperti Afiq Məlikov dünyanın müxtəlif ölkələrində gender problemlərinə toxunaraq bu son dərəcə həssas məsələlərə biganə qalmamağa, bərabərhüquqlu yanaşma mexanizminin bütün insanlıq üçün aktual məsələ olduğuna diqqətləri yönəldib. Xüsusən qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqlar məcmusuna nitqində geniş yer verən natiq qanunvericiliyimizdə təsbit olunmuş müvafiq meyarları səsləndirərək qanun qarşısında hər bir vətəndaşın məsuliyyətli olmalarını, qanunun aliliyi prinsiplərinə əməl etməyin vacibliyini nümayiş etdirib.
Sonda “Din və Qadın Hüquqları” İctimai Birliyinin sədri Tünzalə Qardaşova tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür!
18.10.2022

18 oktyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Dövlət Müstəqilliyimizin Bərpası Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi Şöhrət Namazova, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisləri Nadir Babayev, Dəyanət Əskərov və müxtəlif ixtisas qruplarının tələbələri iştirak etmişlər.
İlk olaraq Dövlət Himnimiz oxunmuş və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi Şöhrət Namazova tərəfindən Dövlət Müstəqilliyimizin bərpasına qədərki dövr ərzində xalqımızın keçdiyi tarixi, ictimai-siyasi proseslər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad edilərək, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etməkdədir.
Sonra filialın “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə müstəqilliyimizin möhkəmlənməsi uğrunda misilsiz xidmətlərindən söz açıb. Bu böyük kursun layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin xüsusi xidmətlərindən danışıb. Natiq bildirib ki, bu gün müstəqil vətənimiz olan Azərbaycan Respublikası dünyada xüsusi yeri, sözü olan qüdrətli bir Dövlətə çevrilmişdir. O, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək müstəqil Azərbaycanımızın daha da güclənməsi istiqamətində onlara uğurlar arzulayıb.
Tədbirin sonunda Tarixi Günlə əlaqədar olaraq video-çarx nümayiş etdirilib.